Bakıda taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən Tərlan Məmmədov, Azər Mustafayev, Anar Ağabalayev, Rinad İsmayılov, Emin Cəfərzadə və Əyyub Cabbarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirlənsirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 6-sı saat 18:00 radələrində paytaxtın Qaraçuxur qəsəbəsində baş verib.
Belə ki, “Mercedes” markalı avtomobildə 33 yaşlı Əliyev Ədalət Ələkbər oğlunun meyiti tapılıb. İlkin məlumata görə, Ə.Əliyev baş nahiyəsinə küt alətlə endirilən zərbə nəticəsində ölüb.
İyunun 10-da Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşları qətli törətməkdə şübhəli bilinən 37 yaşlı paytaxt sakini Cəfərzadə Emin İldırım oğlu və 36 yaşlı Mustafayev Azər Adil oğlunu saxlayıb. Daha sonra dəstənin digər üzvləri - Tərlan Məmmədov, Anar Ağabalayev, Rinad İsmayılov və Əyyub Cabbarov da tutulub.
Məlumata görə, Ə.Əliyev icarəyə götürdüyü avtomobillə sərnişin daşıyıb.