Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini Fərhad Abuşovun (1982-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma, saxlama və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il iyunun 7-də Səbail RPİ 8-ci polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Arif İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri ilə paytaxt sakini Kəmalə Mikayılovanın (1981-ci il təv.) meyitni aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, qadın yaxın münasibətdə olan Fərhad Abuşov tərəfindən öldürülüb. Hadisədən sonra o, Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq intihar etmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra Abuşov fikrindən daşınıb və yerə düşərək, təslim olub.
İstintaqla müəyyən edilib ki, Bayıl qəsəbəsində kirayədə yaşayan Fərhad Abuşov 2016-cı ilin yanvar ayından sosial şəbəkədə Kəmalə Mikayılova ilə tanış olub, aralarında sevgi münasibətləri yaranıb. Öz arvadından ayrılaraq sonuncu ilə birlikdə yaşamaq istəsə də, qadın buna razı olmayıb. 2019-cu il iyunun 7-i səhər saat 11 radələrində Bayıl qəsəbəsi, A.İsmayılov küçəsində yerləşən “Azərişıq” ASC-nin yarımstansiyasının yaxınlığında görüşərkən, Kəmalənin ondan ayrılmaq istədiyini və evlənməkdən imtina etdiyini bildirib. Qadının onu aldatması, ona görə ailəsinin dağılması, bununla bağlı yaxın qohumlarının içində hörmətdən düşməsi səbəbindən Mikayılovaya qarşı nifrət hissi yaranıb. İstintaqa məlum olmayan mənbədən qanunsuz əldə edib, üzərində gəzdirdiyi ov bıçağı ilə zərərçəkmişin bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr vuraraq, onu qəsdən öldürüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.