Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Natiq Dədəcanovun (1982-ci il təv.) CM-nin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Median.Az xəbər verir ki, bu il aprelin 23-də Bakı Dəniz Vağzalında naməlum şəxsin özünü şübhəli aparması və qeyri-adekvat hərəkətləri ərazidə xidmətdə olan Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının diqqətini cəlb edib. Həmin şəxs intihar etmək məqsədilə özünü dənizə atmaq istəyən zaman onun bu cəhdinin qarşısı alınıb. Araşdırma zamanı sui-qəsd etmək istəyən şəxsin Natiq Dədəcanov olduğu müəyyən edilib.
Dindirmə vaxtı o, törətdiyi ağır cinayət əməlini də etiraf edib. Məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl Mərdəkan qəsəbəsində yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı Vüsalə Dədəcanova (1982-ci il təv.) ilə mübahisə edib və üzərindəki bıçaqla ona xəsarət yetirib. Arvadını qətlə yetirdiyini zənn edən Natiq Dədəcanov intihar etmək məqsədilə dəniz kənarına gəlib. Polis əməkdaşları söhbət zamanı həmin şəxsin diqqətinə həyat yoldaşının xəsarət aldığını, amma ölmədiyini bildiriblər. Bundan sonra, Dədəcanov istintaqın aparılması üçün inzibatı əraziyə nəzarət edən
Xəzər RPİ-nə təhvil verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.