Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Dostəli Abuzərov barəsindəki hökmdən apellyasiya şikayətinə baxılıb.
Median.Az xəbər verir ki,hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Məhkəmənin qərarı ilə Dostəli Abuzərovun şikayəti təmin edilməyib və barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 16-da Bakının Suraxanı rayonunda baş verib. Rayonun "Zeytun bağları" adlanan çöllük ərazisində 1979-cu il təvəllüdlü D.Abuzərov mübahisə zəminidə qonşusu, 1977-ci il təvəllüdlü Sərhəng Qədirovu bıçaqlayaraq öldürüb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dostəli Abuzərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.