Orta yaş aralıqları 16-17, cinayətləri isə yaşlarından böyük olan azyaşlıların həbsxana həyatından süjet hazırlanıb.
Median.Az xəbər verir ki, "Baku TV"nin əməkdaşları Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində olublar.
Həyatın pis üzü ilə çox erkən yaşlarında qarşılaşan azyaşlı məhkumlar bu vəziyyətə necə düşmələri barədə etiraflar ediblər.
Gənclik illərinin ən gözəl dövrünü dəmir barmaqlıqlar arxasında keçirən məhbuslardan biri atası olmadığı üçün bu yola düşdüyünü deyib.
"Oğurluq yolla əldə etdiyim pulu özüm üçün xərcləyirdim. Bir gün evə qayıdanda polislər məni həbs etdi. Atam yoxdur, anam da məhkəmədən sonra oğurluq etdiyimi öyrəndi. Bəlkə də atam olsaydı, indi burada olmazdım. Hər nə etmişəmsə, pula ehtiyacdan etmişəm", - deyə Zahid Əliyev bildirib.