Sentyabrın 19-da saat 09:00 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində “VAZ-2109” markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək qaçmağa müvəffəq olub.
Polis əməkdaşları tərəfindən həmin şəxsin Ağagül adlı Giləzi qəsəbə sakini olması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı 65 ədəd tapança patronu, bir ədəd patron darağı, iki ədəd kabura, habelə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağagül Ağayev Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yaşadığı evin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, beş ədəd patron və bir ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.