Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Nazim Cəfərovun CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il martın 4-də Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi Səbail RPİ 8-ci polis bölməsi tərəfindən axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib.
N.Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, Nazim Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində Kamilə Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini su hövzəsinə atıb. 2013-cü il noyabrın 20-də qadının meyiti qeyd edilən yerdən çürümüş vəziyyətdə aşkar edilsə də, həmin vaxt onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış sentyabrın 24-ə təyin edilib.