Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Vəfa Orucovanın CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Nərimanov RPİ əməkdaşları tərəfindən cinayəti ailə münaqişəsi zəminində törədən Vəfa Orucova saxlanılıb və istintaqa təqdim edilib.
İstintaqa ifadə verən qadın əməlini etiraf edərək, bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib. Bu səbəbdən aralarında dəfələrlə mübahisələr baş verib. Axırıncı dəfə onun təhqirlərinə dözməyən Vəfa məişət təyinatlı bıçaqla Rövşənə ölümlə bilavasitə səbəbli əlaqəsi olan zərbələr vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Orucova 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, hökm dəyişdirilmədən saxlanılıb.