Azərbaycanda kriptovalyuta bazarı və blokçeyn texnologiyasının tədqiqi və inkişafı mərkəzi yaradılıb.
Bunu Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz deyib.
Onun sözlərinə görə, ötən gün mərkəzin yaradılmasında maraqlı olan tərəflərlə görüş keçirilib və onun gələcək fəaliyyətinin əsas istiqamətləri müəyyən edilib:
"Mərkəzin tədbirlər planına maarifləndirmə işlərinin keçirilməsi, kriptovalyuta bazarının və blokçeynin nizamlanması məsələsi üzrə təkliflərin hazırlanması, eləcə də bu sahədə konsaltinq xidmətlərinin göstərilməsi daxildir. Mərkəz üçün blockchain.az internet resursu qeydiyyata alınıb. Bu sayt yaxın bir həftə ərzində istifadəyə veriləcək. Bundan başqa, bu sahədə məlumatların daha savadlı təqdim olunması üçün KİV nümayəndələri üçün kriptovalyuta və blokçeyn üzrə ödənişsiz treninqlərin keçirilməsi planlaşdırılır”.//Trend.az