"Dollar satışında yaranan problem mövsümü xarakter daşıyır. Xaricdə təhsil alanlar və yaşayanlar avqust ayında geri dönürlər. Belə bir vaxtda hamıya dollar lazım olur".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, banklarda idarəetmə normal səviyyədə deyil:
"İşlərini planlaşdıra bilmirlər ki, qabaqcadan dollar alsınlar. Avqust və sentyabrda istirahətə gedənlər daha çox olur. Bir də varlılar istirahətə həmişə sentyabrda gedir. Hazırda dollarla bağlı qlobal bir şey yoxdur. Bu il devalvasiya gözlənilmir".
Əkrəm Həsənovun fikirincə, məzənnə inzibati yolla müəyyən olunur:
"Düzdür, iqtisadi əsas olmadan da bunu etmək olar. Amma hazırda belə bir gözlənti yoxdur. İnsanlar panikanı sevir, biri dollar tapmayanda dərhal onu yayır. Eyni zamanda Azərbaycanda dollar alışına süni maneələr yaradılır. İllik 20 min manatdan çox almaq olmaz, əks halda sübut etməlisən ki, bu pul hardan gəlib".
Əkrəm Həsənov hesab edir ki, bu gün bazarda dollar satışında yaranan problem bankarın səriştəsizliyi ilə əlaqədardır.