Əvəz Quliyev sahibkarın vergi yükünün azaldılması istiqamətində olan dəyişiklikləri açıqladı
2024-cü ilin 1 yanvar tarixindən qüvvəyə minməsi nəzərdə tutulan, hazırda Milli Məclisdə üç oxunuşdan keçən Vergi Məcəlləsində dəyişikliklər layihəsi sahibkarlıq mühitinin təşviqini, sosial xarakterli güzəştlərin tətbiqini və sahibkarlara daha innovativ inzibatçılıq alətlərindən istifadə imkanlarını ehtiva edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev layihənin əsas istiqamətlərini “İqtisadi Zona” proqramına müsahibəsində açıqlayıb.
- Bu gün Azərbaycanda ödənilən dividentlər üzrə vergi dərəcəsi 10 faizdir, növbəti ildən isə bu, 5 faizə endiriləcək. Eyni zamanda, sahibkarlıq subyektləri üçün növbəti dəstək tədbiri olaraq, kommersiya xərcləri olan nümayəndəlik, mənzil və işçilərin yemək xərclərinin norma daxilində gəlirdən çıxılan xərclərə aid edilməsi nəzərdə tutulur.
Növbəti ildən tibb müəssisələri üçün də vergi güzəştlərinin tətbiqi gözlənilir. Məlumdur ki, nağdsız ödənişlərin stimullaşdırılması bu gün əsas məqsədlərdən biridir. Bu baxımdan, tibb müəssisələrinin nağdsız qaydada formalaşan dövriyyələrinin 50 faizinin onların ƏDV tutulan əməliyyatlarının dövriyyəsindən çıxılması nəzərdə tutulur. Bununla da tibb müəssisələri üzrə əhəmiyyətli vergi güzəşti tətbiq olunacaq. Bu güzəşt qeyd edilən sahədə şəffaflaşmanın daha da artmasına kömək edəcək.