Pensiya hüququ əldə edə bilməyən şəxslərin yaşa görə sosial müavinət almaq hüququ var. Hazırda kişilərdə əmək pensiyası üzrə yaş həddi 64,5, qadınlarda isə 61,5 olduğu halda, sosial müavinətlərin təyin edilməsi zamanı kişilərin 67, qadınların isə 62 yaşını tamamlaması tələb olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu yaş həddinin azaldılması və pensiya yaşı ilə bərabərləşdirilərək sosial müavinət təyin edilməsi barədə qanunvericiliyə dəyişiklik büdcə paketi ilə birlikdə Milli Məclisə təqdim olunub və təsdiq edilib.
İqtisadçı-ekspert Vüqar Bayramov sosial müavinət ilə bağlı yaş həddinin azaldılması və pensiya yaşı ilə bərabərləşdirilməsi məsələsini Sputnik Azərbaycan-a şərh edib.
İqtisadçı bildirib ki, yaşa görə sosial müavinət əmək pensiyası almaq hüququ olmayan vətəndaşlara təklif edilən sosial yardımdır: "Sosial müavinət ilə bağlı yaşın pensiya yaşına uyğunlaşdırılmasına ehtiyac var idi. Azərbaycan qanunvericiliyinə əsasən, hazırda kişilər üçün pensiyaya çıxma yaşı 64 il 6 aydır, qadınlar üçün isə 61 il 6 aydır. Bundan əvvəl kişilər üçün pensiyaya çıxma yaşı 64 il, qadınlar üçün isə 61 il idi. Hər il pensiya yaşı 6 ay artırılır. Amma sosial müavinətin təyin edilməsinə görə, kişilərin 67, qadınların isə 62 yaşını tamamlaması tələb olunur".
"Bundan öncə biz pensiya yaşı ilə sosial müavinət yaşının eyniləşdirilməsini təklif etmişdik. Hazırda pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 min 800 manat minimum pensiya kapitalı olmalıdır. Yəni ikisindən biri imkan verir ki, vətəndaş əmək pensiyası alsın. Əgər vətəndaş 25 il işləməyibsə və 28 min 800 manat kapital yığa bilməyibsə, o zaman pensiya hüququ əldə edə bilmir və 67 yaşında sosial müavinət alır", – deyə o qeyd edib.
Ekspert bildirib ki, amma indi sosial müavinət yaşı pensiya yaşı ilə bərabərləşdirilir: "Yəni bu o deməkdir ki, vətəndaşın 65 yaşında pensiya yaşı tamam olandan sonra onun əmək pensiyası ala bilmə məsələsinə baxılır. Əgər əmək pensiyası ala bilirsə, ona əmək pensiyası təyin edilir. Pensiya ala bilməsə, bu zaman sosial müavinət təyin ediləcək. Yaşa görə sosial müavinət bu ilin aprelin 1-dən etibarən 130 manatdır. Bu məbləğin də artırılmasını təklif edirik. Çünki xüsusən pensiya yaşına çatmış vətəndaşlar üçün 130 manat kiçik rəqəmdir. Bunun mərhələli şəkildə artırılıb minimum pensiya (hazırda 200 manatdır) həddinə çatdırılmasını təklif edirik".
"İndiki halda sosial müavinət minimum pensiyanın 65 faizidir. Sosial müavinətin minimum pensiyanın 85-90 faizinə çatdırılmasına ehtiyac var. Gələcəkdə minimum pensiya məbləği artdıqca sosial müavinətin də artırılmasına ehtiyac var ki, xüsusən pensiya yaşına çatmış vətəndaşların xərclərini ödəmək mümkün olsun", – deyə ekspert əlavə edib.
Qeyd edək ki, "Sosial müavinətlər haqqında" qanuna görə, sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Bu qanun Azərbaycanda sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.