Karate üzrə yeniyetmələrdən ibarət seçmə komandamız Rusiyanın Soçi şəhərində qitə çempionatının ilk günü 2 qızıl medal qazanıb.
Tale Yaqubov (-63 kq) və Polina Qurenko (-47 kq) Avropa çempionu olub.
Yeni ukraynalı legioner Qurenko final döyüşü də (8:0) daxil olmaqla, altı görüşdən üçünü vaxtından əvvəl ən azı 8 xal fərqli üstünlüklə başa vurub. Mükafatlandırma mərasimində idmançılarımıza qızıl medalları Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov təqdim edib.
Kata yarışlarında təsəllverici görüşlərə qatılan Roman Heydərov bürünc mükafatın bir addımlığında mübarizəni dayandırıb. Ermənistanlı idmançını Davit Davtyana heç bir şans vermədən 5:0 hesabı ilə məğlub edən Osman Osmanlı (+70 kq) da mükafata gedən yolda ani bir səhv üzündən qələbəni əldən verib.
Sabah 16-18 yaşlı gənclər, o cümlədən Müseib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Məhəmməd Məmmədov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıxova (-48 kq), Renata Ərəbli (-53 kq), Səma İmanzadə (-59 kq), Bəsti İsmayılova (+59 kq) tatamiyə çıxacaq. Bakı vaxtı saat 17:00-da qitə çempionatının təntənəli açılış mərasimi olacaq.
Qeyd edək ki, Soçidə 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edəcək.