Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu növbəti mükafatını alıb.
"Report" Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir ki, o, futbolda qazandığı nailiyyətlərə görə "Quinas de Platina" mükafatına layiq görülüb.
39 yaşlı ön xətt oyunçusu aldığı mükafatla bağlı təəssüratlarını bölüşərkən qürurlandığını bildirib:
"Mən bu mükafatı son nöqtə deyil, əksinə, başlanğıc kimi qəbul edirəm. 18 yaşında milliyə qoşulanda arzum ilk oyunumu keçirmək idi. Sonra 25, 50-yə çatdım, bəs niyə 100 olmasın? Əvvəl iki, daha sonra üç rəqəm və 150, 200 oyun haqqında düşünməyə başladım. Bu, qürur hissidir".
Qeyd edək ki, K.Ronaldu Portuqaliya millisində meydana çıxdığı 216 oyunda 133 qola imza atıb.