Azərbaycan Voleybol Federasiyası yarımçıq saxlanılan çempionatlarla bağlı fikir bildirib.
Oxu.Az-a federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, çempionatın bərpası və sonlandırılması ilə bağlı qərar mayın 4-dən sonra veriləcək:
“Koronavirus pandemiyası səbəbindən voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqası mart ayından dayandırılıb. Bütün dünyada problemlər yaradan COVID-19 voleybolumuza da təsirsiz ötüşməyib. Vaxtsız dayandırılan çempionatın nəticələri və 2020/21 mövsümündə avrokuboklarda ölkəmizi təmsil edəcək komandaların adları barədə federasiyanın Rəyasət Heyətinin iclasından sonra açıqlama veriləcək.
Hazırda komandalar heç pley-off mərhələsinə çatmadığından, çempionu son nəticələrə əsasən müəyyənləşdirməyi düzgün saymırıq”.
Qeyd edək ki, çempionat dayandırılarsa, kişilərin yarışında “Murov” I, “Neftçi” II və “Xilasedici” komandası III yerin sahibi olacaq. Super Liqadakı mövcud duruma əsasən isə “Azərreyl” çempion elan ediləcək, “Abşeron” gümüş mükafata, “Mübariz” isə bürünc medala sahib olacaq.