Nəsimi rayon Məhkəməsində Qismət Sultanovun CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, məhkəmənin hökmü ilə Q.Sultanova şərti cəza verilib və o, iclas zalından azadlığa buraxılıb.
Xatırladaq ki, insident bu ilin fevral ayında baş verib. Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə, orada yaşayan Q.Sultanov komendantın köşkünə bıçaqla hücum çəkib. Hadisənin videosu binada yaşayan sakinlərdən biri tərəfindən çəkilib, sosial şəbəkədə paylaşılıb. Hadisə ilə əlaqədar cinsi azlığın nümayəndəsi, “Səbinə” adı ilə tanınan Qismət Sultanov Nəsimi RPİ 19-cu polis bölməsinə dəvət olunub və izahatı alınıb. Zərərçəkmiş şəxslə barışdığından o sərbəst buraxılıb. Mətbuata açıqlama verən Q.Sultanov bildirib ki, komendanta hücum etməsinin səbəbi sadəcə elektrik enerjisinin dayandırılması olmayıb. Onun sözlərinə görə, komendant onun həmin binada yaşamağını istəməyib.
Lakin bir müddətdən sonra cinsi azlığın nümayəndəsi barəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb, rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, Bakı İstintaq Təcridxanasına köçürülüb.