Astarada avtomobil aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Kijəbə qəsəbəsi ərazisində baş verib.
Belə ki, rayonun Ojakəran kənd sakini, 1992-ci il təvəllüdlü Tural Bəxtiyar oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi sol kənarındakı maneəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü T.Həsənov və avtomobildəki sərnişin, onun həmkəndlisi olan 1984-cü il təvəllüdlü Təbriz Nəsrulla oğlu Hidayətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildəki digər sərnişin Kijəbə qəsəbə sakini 20 yaşlı Hidayət Hidayətov isə dünyasını dəyişib.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilərək travmatologiya şöbəsinə yerləşdiriliblər. Qəza nəticəsində ölən H.Hidayətovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.