Qırmızı planetdə koloniya yaratmağı arzu edən məşhur biznesmen İlon Maks Günəş işığını Marsa yönəltməklə bu planeti yaşayış üçün əlverişli etməyin fantastik yolunu təklif edib. O, bununla bağlı sosial şəbəkədəki səhifəsində kiçik qeyd yazıb: "Marsı süni günəşlərlə deyil, minə yaxın güzgülü peyklərin köməyi ilə isitməyin yollarını nəzərdən keçirmək lazımdır". Mask əlavə edib ki, süni günəş dedikdə, o, partlayış nəticəsində hasil etdiyi enerjinin Marsın atmosferini qızdıracaq istilik nüvə bombalarını nəzərdə tutur. Bunun nəticəsində istixana effekti yaranacaq, qütblər isinəcək və yeni bombalara ehtiyac qalmayacaq. Biznesmen qeyd edib ki, eyni zamanda, Marsda Yer kürəsindən 160 dəfə aşağı olan atmosfer təzyiqi də yüksələcək.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, İlon Maskın təklifini elmi cəhətdən təhlil edən alimlərin qənaətinə görə, bu üsulla qütblərdən birində donmuş karbon qazı əriyə bilər və həmin metodun tətbiqi üçün çox böyük həcmdə istilik nüvə silahı tələb olunacaq. Hesablamalara görə, bu məqsədlə hətta ABŞ-ın arsenalında olan ən güclü bombaları hər 20 dəqiqədə bir partlatmaq lazım gələcək və bu proses on illər ərzində davam edə bilər. Digər hesabatlara əsasən, bunun üçün 2016-cı ildə Yer kürəsində mövcud olmuş arsenaldan 162 504 dəfə çox nüvə istilik bombası tələb olunur. Hətta bu qədər silahı əldə etmək mümkün olsa belə, onları Marsa çatdırmaq lazımdır ki, bu da çox baha qiymətə başa gələcək. Amerikanın qeyd olunan B-53 bombalarının çəkisi 4 tondur və bu, "Curiosity" marsoxodundan 4,5 dəfə ağırdır. Lakin, hətta Marsın qütb "papaqlarını" əritmək mümkün olsa belə, ABŞ alimləri Bryus Cakoski və Kristofer Edvardsın qənaətinə görə, hasil edilən karbon qazı planeti isitmək üçün kifayət etməyəcək, su buxarı isə Marsın səthinə qar dənələri şəklində düşəcək ki, bunun da heç bir faydası olmayacaq. Əlavə olaraq, qırmızı planetdə maqnit sahəsi olmadığından, atmosferi günəş küləkləri və ultrabənövşəyi şüalar süpürüb aparır. Əriyən karbon qazını da bu aqibət gözləyir.
Alimlər bildirirlər ki, daimi bombalamalar Marsın səthini daha da soyuda bilər. Belə ki, partlayışlar tozu atmosferə qaldıracaq və bununla da "nüvə qışı" erası başlayacaq. Onsuz da çox tutqun olan Günəş şüaları isə planetə çatmayacaq. Eyni zamanda, həmin toz kütləsi radioaktiv fon yaradacaq və Mars daha da pis vəziyyətə düşəcək.
Şotlandiyalı alim Kolin Makkinnes "Mars: Gələcəyin energetika və material ehtiyatları" kitabında yazır ki, Marsda münbit şəraiti 30 faiz yaxşılaşdırmaq üçün yerləşdiriləcək ağlagəlməz sayda güzgülü peyklərin tutacağı ərazi Antarktikanın sahəsi qədər olmalıdır. Eyni zamanda, Yerdən Marsa 11 milyon ton çəkisi olacaq bu aparatları daşımaq da real deyil. Alim qeyd edir ki, hətta bütün bu fantastik layihələr həyata keçirilsə belə, Marsda temperatur ən yaxşı halda -45 dərəcə Selsiyə yüksələ bilər. Lakin qırmızı planetin atmosferi bu temperatura da davam gətirə bilməyəcək.
Arizona Universitetinin mühəndisi Raycel Voyda isə daha rasional üsul təklif edib. O, Marsın bütün atmosferini deyil, yalnız insanların koloniya yaradacağı 1,5 kilometrlik kiçik bir hissəsini qızdırmağı təklif edib. NASA bu təklifinə görə mühəndisə pul mükafatı da verib. Voyda hesablayıb ki, bu kiçik sahəni Yer kürəsinə düşən miqdarda Günəş enerjisi ilə təmin etmək üçün 150 metrlik güzgüləri olan 200-300 peyk göndərmək kifayətdir. Bu metodu tətbiq edərək Marsın səthinin bu hissəsində temperaturu sıfır dərəcədən yüksəyə qaldırmaq mümkündür.