Rusiyanın Krasnoyarsk şəhərinin aeroportunda Azərbaycana qanunsuz yolla iki milyon rubl aparmağa cəhd edən şəxs saxlanılıb.
Krasnoyarsk hava limanının gömrük postunda məlum olub ki, Krasnoyarsk-Bakı reysinin sərnişini gömrük rəsmiləşdirilməsi zamanı iri məbləğdə vəsaitin çıxarılması üçün gömrük bəyannaməsini təqdim etməyib.
52 yaşlı krasnoyarsklı gömrük nəzarətindən keçmək məqsədilə “yaşıl dəhliz”i seçib. Lakin yoxlama nəticəsində onun üzərindən 19 min ABŞ dolları, 800 min rus rublu və 100 Azərbaycan manatı aşkarlanıb. Tapılan vəsaitin ümumi miqdarı iki milyon rubl təşkil edib.
Sərnişin bütün pulları gödəkçənin, şalvarın ciblərində və çantasında gizlətməyə çalışıb. Ona qarşı cinayət işi qaldırılıb. Kişini iki ilədək həbs cəzası, yaxud iki ilədək icbari iş gözləyir.