Londonun Yüksək Ədalət Məhkəməsində Dubay əmiri Şeyx Məhəmməd və bu yay onu tərk edən altıncı həyat yoldaşı Şahzadə Həyyanın görüşünə bir həftədən az vaxt qalır.
Məhkəmənin ilk iclası mayın 22-də baş tutub, lakin keçirilməsi gözlənilən son məhkəmə iki gün, yəni 30 və 31 iyul tarixlərinə təyin edilib. Əvvəllər bu mövzuda baş verən hadisələrlə bağlı bütün xəbərləri xarici nəşrlərin “insayder”lərindən alırdıqsa, indi cütlük özləri ilk rəsmi açıqlamanı mediaya təqdim ediblər.
“Bu məhkəmə prosesləri uşaqların gələcək taleyinə və rifahına aid olacaq, boşanma və maliyyə bölgüsü deyil”, - məhkəmənin dərc etdiyi sənəddə deyilir.
“Daily Mail”in yazdığına görə, cütlük ən yaxşı və bahalı vəkilləri bu işə cəlb edib.
Şeyx Məhəmmədin maraqlarını tarixin “böyük boşanmalar”ını (Qay Ritçi və dünya şöhrətli müğənni Madonna, Çeril Kol və futbolçu Eşli Kol) həyata keçirən Helen Vard müdafiə edəcək.
Şahzadə Həyya isə “Polad Maqnoliya” adı ilə tanınan (Şahzadə Diana ilə Şahzadə Çarlzı, Şahzadə Endryu ilə Sarah Ferqusonu, Pol Makkartni ilə Heather Millsin boşanma proseslərində vəkil olub) Fiona Şakltonu özünə vəkil tutub. Hazırda Şaklton həm də şahzadələr Uilyam və Harrinin vəkilidir.
Qeyd edək ki, şahzadə iki uşağı ilə birlikdə iyunun sonunda Avropaya qaçıb və özü ilə 39,3 milyon dollar götürüb. Sonradan onun Londonda 107 milyon dollar dəyərində evdə yaşadığı xəbəri yayılıb.