2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır.
Bu fikirlər "Gəlin suyun hər damlasını qoruyaq: su ehtiyatları sahəsində gündəlik" adlı məruzədə əksini tapıb.
AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir ki, məruzə 11 dövlət başçısının və xüsusi müşavirlərin daxil olduğu qrup tərəfindən hazırlanıb və BMT-nin baş katibinə təqdim edilib.
Sənəddə dünyada su ehtiyatlarının mövcud vəziyyəti qiymətləndirilib. Məlum olub ki, su israfçılığı, su ehtiyatlarının qeyri-effektiv idarə edilməsi və infrastrukturun olmaması milyonlarla insanın su qıtlığı ilə üzləşməsinə, lazımi qədər su təchizatı, sanitariya və gigiyena normlarının pozulması səbəblərindən ölüm hallarına gətirib çıxarır.
Məruzədə bildirilir ki, planetin sakinlərinin təxminən 40 faizi bu və ya digər dərəcədə içməli su çatışmazlığından əziyyət çəkir. 2030-cu ildə su çatışmazlığı səbəbindən təxminən 700 milyon insan qaçqına çevrilə bilər. Bu gün iki milyarddan çox insan çirkli su içir, 4,5 milyard insan sanitariya sahəsində lazımi xidmətlərdən məhrumdur. Onlar ən yoxsul təbəqədən olan insanlardır.
Məruzənin müəllifləri su çatışmazlığı ilə bağlı əsas problemləri, məsələn, əhali artımı, urbanizasiya, ekosistemin dəyişməsi, ərzaq məhsullarına tələbatın artması, sənaye və energetikanın cari durumu ilə bağlı problemləri qiymətləndiriblər. Onlar suyun keyfiyyətini araşdırıblar, sudan səmərəsiz istifadə olunmasının ətraf mühitə təsirini təsvir ediblər, torpağa və su çənlərinə nə qədər təmizlənməmiş su axıdıldığını xatırladıblar.
Məruzədə su ehtiyatları sahəsində müvafiq plan təqdim edilib.
Xatırladaq ki, BMT baş katibinin 2010-cu ilin iyul ayında qəbul etdiyi qətnaməyə görə, hər kəsin şəxsi və məişət ehtiyaclarını ödəmək üçün sutkada 50-100 litr arasında sudan istifadə etmək hüququ var.