Türkiyə silahlı qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində Racu şəhəri terrorçulardan azad edilib. Bu əməliyyatın başlanıldığı vaxtdan bəri Afrində azad edilən ikinci rayon mərkəzidir.
Bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Anti-terror əməliyyatının iştirakçıları Suriyanın şimal-şərqində uğurlu şəkildə irəliləyir.
“Anadolu”-nun Suriyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Racu şəhərinin azad edilməsi ilə bağlı əməliyyat martın 3-də səhər saatlarında başlayıb.
Şiddətli toqquşmadan sonra YPG/PKK yaraqlıları şəhərkənarından Racunun mərkəzinə çəkilib. Daha sonra türk birləşmələr şəhərin böyük hissəsini nəzarətə götürüb. Hal-hazırda mərkəzin terrorçulardan təmizlənməsi üçün reydlər keçirilir, istehkamçılar yollarda və binalarda potensial minaların axtarışı ilə məşğul olur.
Türkiyə silahlı qüvvələri martın 3-də “Azad Suriya Ordusunun” dəstələri ilə birgə bundan başqa Afrinin cənub-qərbində yerləşən Ramadiyə və Hamilək kəndlərini terrorçulardan təmizləyib.