Kolumbiya hərbçiləri üsyançı qrup “Milli Azadlıq Ordusu”na aid olan narkotik laboratoriyasını aşkar ediblər.
Bu barədə Kolumbiya Silahlı Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, Kukuta kəndi ərazisində keçirilən hərbi əməliyyat zamanı mütəşəkkil silahlı qrupunun rəhbəri Reynaldo Ardilla Qomezə məxsus kokain istehsalı kompleksi aşkarlanaraq məhv edilib.
Hadisə yerindən bir tondan çox kokain tapılıb. Səlahiyyətlilər dağıdılmış laboratoriyanın ayda 4 ton narkotik vasitə istehsal edə biləcəyini hesab edirlər. Laboratoriyanın dəyəri 23 milyard peso (5,4 milyon dollar – Qeyd) olaraq qiymətləndirilir.