"COVID-19 virusu daim mutasiya edərək yeni xüsusiyyətlər qazanır. Bu gün dövriyyədə olan koronavirus variantlarının 60%-dən çoxu FLiRT qrupuna aiddir, lakin artıq yeni XEC ştamı da meydana gəlməyə başlayıb. Özü də əgər əvvəllər koronavirus "böyüklərin" infeksiyası hesab olunurdusa, virusun mutasiyası ilə uşaqlar daha çox xəstələnməyə başlayıblar".
Median.Az-ın aif.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Seçenov Universitetinin Epidemiologiya və Müasir Vaksinasiya Texnologiyaları kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail Kostinov xəbərdarlıq edib.
Onun sözlərinə görə, XEC "Omicron"un növbəti variantlarından biridir.
"Bu ştam simptomlarına görə öz sələflərindən, demək olar ki, fərqlənmir - boğaz ağrısı, temperaturun yüksəlməsi, burun tutulması və mədə-bağırsaq problemləri yaradır", - deyə Mixail Kostinov bildirib.
Mütəxəssisin sözlərinə görə, "Omicron"dan sonra meydana gələn bütün ştamlar kimi, hazırkı koronavirus ilk növbədə risk qrupları - 60 yaşdan yuxarı insanlar, xroniki xəstəlikləri olanlar, immun çatışmazlığı olan insanlar, həmçinin əvvəllər xəstələnməyən və COVID-19-dan peyvənd olunmayanlar üçün təhlükə yaradır. Elm adamı onlara yenilənmiş vaksinlərlə peyvənd olunmağı tövsiyə edib.
Kostinovun sözlərinə görə, koronovirusun yayıldığı birinci-ikinci dövriyyə illərindən fərqli olaraq hazırda uşaqlar daha çox xəstələnməyə başlayıblar:
"Bu, əsasən uşaq və yeniyetmələrin daha geniş ünsiyyət dairəsinə malik olması və böyüklərdən daha çox sıx yerlərdə olması ilə bağlıdır".