“Rusiya hərbi bazasının Ermənistanda yerləşməsi müqaviləyə uyğun olaraq həyata keçirilir, onun respublika ərazisində yerləşməsinin məqsədəuyğunluğu barədə söhbətlər təhlükəlidir”.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair eksklüziv müsahibəsində deyib.
“Biz 102-ci Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri təhlükəli hesab edirik. Bazanın orada yerləşdirilməsi ilə bağlı saziş 1995-ci il martın 16-da imzalanıb və ilk növbədə milli maraqlara və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi üzrə dövlətlərimizin ümumi məqsədlərinə əsaslanır”, - deyə nazir bildirib.
Xatırladaq ki, 2010-cu il avqustun 20-də Rusiya və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıblar. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Aviabazanın şəxsi heyəti MDB ölkələrinin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyi aparır.
Mənbə: TASS