Almaniyada “Reyxsburqerlər”ə (“Reyx vətəndaşları”) qarşı antiterror əməliyyatı keçirilir. Bunun üçün səkkiz federal əyalətin ərazisində 20 nəfər axtarışa verilib.
Son məlumatlara görə, 20 nəfər mütəşəkkil cinayətdə ittiham olunub.
Üçüncü Reyxin yoxa çıxmasını inkar edən hərəkat nümayəndələrinin kompüterləri, telefonları və digər yaddaş daşıyıcıları müsadirə edilib. Münhen prokurorluğu cinayətkar hərəkatda çoxlu sayda şübhəlinin şəxsiyyətinin müəyyən edildiyini bildirib.
“Reyx vətəndaşları” hərəkatı 1980-ci illərdə yaranıb, onun iştirakçıları müasir Almaniyanın hakimiyyətini və onun siyasi quruluşunu tanımır. Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə ölkədə 23 minə yaxın insanın özünü hərəkatın üzvü hesab etdiyini bildirib.
Hərəkatın lideri - hüquq-mühafizə orqanları onun adını açıqlamır - 2021-ci ilin noyabrında həbs edilib. Ona qarşı cinayət təşkilatı yaratmaq və üsyana çağırışlar maddəsi ilə iş açılıb. 2022-ci ilin dekabrında polis Bundestaqa basqın etməyi və ölkəyə zadəgan ailəsinin varisi, 71 yaşlı şahzadə XIII Henrixi rəhbərliyə gətirməyi planlaşdıran hərəkat üzvlərini saxlayıb.
Mənbə: Kommersant.ru