Tacikistan və İran hökumətləri viza rejiminin ləğvi haqqında anlaşma memorandumu imzalayıblar.
Bu barədə sənəd Mərkəzi Asiya ölkəsinin paytaxtı Düşənbədəki Millət Sarayında Tacikistan və İran prezidentləri Emoməli Rəhmon və İbrahim Rəisinin iştirakı ilə imzalanıb.
“Dövlət başçılarının iştirakı ilə Tacikistan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında xarici pasport sahibləri üçün vizaların ləğvi haqqında anlaşma memorandumu imzalanıb”, – Tacikistan liderinin mətbuat xidmətinin məlumatında deyilib.
Qeyd edək ki, noyabrın 8-də Rəisi ikinci dəfə Düşənbəyə səfər edib. Siyasətçi ilk dəfə 2021-ci ilin sentyabrında Tacikistana səfər edib. O zaman Prezident Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan Dövlət Başçıları Şurasının toplantısında müşahidəçi ölkə kimi iştirak edib. Bu, Rəisinin prezident kimi ilk xarici səfəri idi.
Xatırladaq ki, Rəhmon və Rəisi sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilmiş ikitərəfli görüşdə ilk dəfə olaraq viza rejiminin sadələşdirilməsindən danışıblar.