Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 29-nu Karaqanda şaxtasında baş vermiş qəzada ölənlərin xatirəsinə Milli Matəm Günü elan edib.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Onlara qəzanın baş vermə şəraitinin aydınlaşdırılacağını, şaxtaçıların xilas edilməsi üçün işlər görüldüyünü, eləcə də xəsarət alanların və həlak olanların ailələrinə lazımi köməklik göstəriləcəyini bildirib”, - deyə məlumatda əlavə edilib.
Xatırladaq ki, Qazaxıstanın Karaqanda vilayətində Kostenko şaxtasında qəza baş verib. Hadisə zamanı mədəndə 252 nəfər olub. Onlardan 208-i xilas edilib, 18 şaxtaçı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Son məlumatlara görə, faciə nəticəsində azı 22 nəfər həlak olub.
Mənbə: TASS