Rusiyalı bankir Mixail Yaxontov və ailə üzvlərinin qətlində şübhəli bilinərək saxlanılan Andrey Skripkin Belarusdakı təcridxanada intihar edib.
Məlumata görə, oktyabrın 27-də Belarusda saxlanılan şübhəli oktyabrın 28-i istintaq üçün Moskvaya aparılmalı idi.
Həbsdən sonra ilk dindirilmədə o, qətldə təqsirli olduğunu etiraf edib.
Onun sözlərinə görə, cinayət kortəbii olub. Yaxontovun keçmiş biznes ortağı Skripkin maliyyə məsələlərini müzakirə etmək üçün onun yanına gəlib. Söhbət zamanı tərəflər arasında dava olub. Dava zamanı Skripkin Yaxontovu yerə yıxaraq onu, sonra isə həyat yoldaşı və uşağını bağlayıb. O, bankirdən onun tələblərini yerinə yetirməyi tələb edib və ailəsini öldürəcəyi ilə hədələyib. Ancaq bankir tələbləri rədd edib. Bundan sonra qətl törədilib.
Qətldən sonra Skripkin ağ rəngli “Hundai Solaris”lə Belarusa yollanıb. Ancaq “Potok” sisteminin köməyi ilə onu izləmək mümkün olub.
Qeyd edək ki, avtomobil Mıtişi şəhərində yaşayan 38 yaşlı azərbaycanlıya məxsusdur. Ehtimal edilir ki, avtomobildən taksi kimi istifadə edilib. Avtomobilin banka qoyulduğu və bir neçə dəfə sahibini dəyişdiyi barədə məlumatlar var.
Xatırladaq ki, cinayət oktyabrın 26-da baş verib. Meyitlər mənzildə bankirin qızı tərəfindən tapılıb. Məlumata görə, ata zənglərə cavab verməyib və qızı evə baş çəkmək qərarına gəlib. Mənzilə girəndə isə dəhşətli mənzərə ilə üzləşib. Məlum olub ki, böyüklər bıçaq yaralarından, uşaq isə boyun fəqərələrinin sınmasından ölüb.
Qətlin əsas versiyası Yaxontovun kriminal keçmişi hesab edilir. 2019-cu ildə o, bank oğurluğu ilə bağlı dələduzluqda təqsirli bilinib.
Mənbə: RİA Novosti