ABŞ mətbuatı “Rust” (Pas) filminin çəkilişləri zamanı məşhur aktyor Alek Bolduin tərəfindən operatorun öldürülməsilə bağlı insidentin səbəbkarını açıqlayıb.
Məlum olub ki, həmin gün rekvizitlərə cavabdeh olan şəxs təhlükəli əmək şəraitinə görə tətil edib. Onunla birgə çəkiliş qrupunun daha altı üzvü tətilə qoşulub. Vəziyyətdən çıxış yolu kimi rekvizitorun yerinə müvəqqəti olaraq yeni bir əməkdaş tapılıb. Məhz adı açıqlanmayan bu şəxsin ilk iş saatlarında faciə yaşanıb.
Xatırladaq ki, ABŞ-ın Nyu-Meksiko ştatında “Rust” (Pas) filminin çəkiliş meydançasında Hollivud ulduzu Alek Bolduinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb. Operatorun həyatını xilas etmək mümkün olmayıb. Sousa bir neçə saat sonra xəstəxanadan evə buraxılıb, çəkilişlər isə dayandırılıb.