Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dövlət sərhədini sentyabrın 29-da qanunsuz keçib.
Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, siyasətçi sərhədi keçəndən sonra iki ittiham olunan şəxs öz avtomobillərində onu Sameqrelo bölgəsində bir kəndə aparıblar. Daha sonra M.Saakaşvili Tbilisiyə yollanıb və Elquca Tsomaya adlı vətəndaşın mənzilində məskunlaşıb. O, okyabrın 1-də həmin ünvanda saxlanılıb.
Qeyd edək ki, E.Tsomaya ilə bağlı həbs qətimkan tədbiri seçilib. Yaxalanan daha iki şəxsin ata-oğul olduğu məlum olub. Yerli mətbuatın yazdığına görə, həmin şəxslər Poti şəhərinin sakinləridir və limanda çalışıblar. Hər üç şəxs cinayəti gizlətməkdə ittiham olunur, onları 5 ilədək müddətə həbs gözləyir.