Avropada enerji istehsalı üçün istifadə olunan kömürün qiyməti son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
“Argus Beynəlxalq Qiymət Agentliyi”nin məlumatına görə, enerji miqdarı kiloqramı 6 000 kkal-dan çox olan kömür ötən həftə 16,5 % bahalaşaraq bir ton üçün 232,2 ABŞ dolları olub.
Agentlik qeyd edir ki, qiymət artımı sentyabrın sonunda Avropada təbii qazın kəskin bahalaşmasına və bazarda kömür çatışmazlığına görə sürətləndi: “Regionun əsas kömür tədarükçüləri ixracı belə yüksək templərlə artıra bilmədiklərinə görə Avropa bazarında kömür təklifi məhduddur. Nəticədə Şimal-Qərbi Avropanın limanlarında kömür ehtiyyatı 4 milyon tondan biraz çox olmaqla son beş ilin bu dövr üçün ən aşağı səviyyəsindədir.