Fransanın paytaxtı Parisdə respublikamızın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət mərkəzində Vətən müharibəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, azərbaycanlı icma üzvləri iştirak ediblər.
Tədbirdə əvvəlcə iştirakçılar tərəfindən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycan Respublikasının Ali Baş komandanı, Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında, Silahlı Qüvvələrin şücaəti və rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad olunmasını xalqımızın tarixi zəfəri olduğunu vurğulayıblar. Onlar Fransada yaşayan azərbaycanlı icmasının üzvləri arasındakı birlik və həmrəyliyə toxunaraq, bunun nə qədər böyük əhəmiyyət kəsb etdiyini onların diqqətinə çatdırıblar. Natiqlər Azərbaycanda xalqla dövlət arasında mövcud olan möhkəm birliyin ölkəmizin İkinci Qarabağ savaşındakı parlaq qələbəsində mühüm rol oynadığını vurğulayıblar. Onlar birliyi qoruyub saxlamaq, gücləndirmək və ölkəmizin adını hər zaman yüksəkdə tutmağın bütün azərbaycanlıların ən ümdə borcu olduğunu bildiriblər.
Tədbirin sonunda Vətən müharibəsinə həsr edilmiş qısa film nümayiş etdirilib.