Perm Dövlət Universitetində baş vermiş silahlı insident nəticəsində öldürülənlərin sayı səkkizə yüksəlib.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat verib.
İstintaq Komitəsindən həmçinin bildirilib ki, təhsil müəssisəsinə hücum edən şəxs saxlanılarkən silahlı müqavimət göstərib.
* * * * *
Perm Dövlət Universitetinə edilən silahlı hücum nəticəsində beş nəfər öldürülüb, 14 nəfər yaralanıb.
Bu barədə regionun səhiyyə idarəsinin mətbuat xidməti məlumat yayıb.
Qurumdan verilən açıqlamada qeyd olunur ki, hazırda hadisə baş verən ərazidə doqquz təcili tibbi yardım qrupu çalışır.
* * * * *
Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın edən şəxs saxlanılıb.
“Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində silahlı şəxs saxlanılıb. Tələbələrin və müəllim heyətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görülür”, - Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunur.
Hələlik saxlanılan şəxsin kimliyi barədə məlumat verilmir.
* * * * *
Rusiyanın Perm şəhərində yerləşən Perm Dövlət Universitetinin ərazisində atəş səsləri eşidilir.
Təcili tibbi yardım xidmətindəki mənbə bildirib ki, şəxsiyyəti hələ məlum olmayan kişi universitetin ərazisinə girərək tələbə və müəllimlərə atəş açıb, ölən və yaralananlar var.
Hazırda təhsil müəssisəsinin daxilində olan şəxslər pəncərələrdən atılaraq universitetdən çıxmağa çalışır.