Özbəkistan, ABŞ, Əfqanıstan və Pakistan Əfqanıstandakı sülh prosesini dəstəkləmək üçün yeni dördtərəfli məsləhətləşmə platforması yaratmağı qəbul ediblər.
TASS xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yusup Kabuljanov bu barədə “Mərkəzi və Cənubi Asiya: Regional Qarşılıqlı Əlaqə. Çağırışlar və Fürsətlər” beynəlxalq konfransı çərçivəsində jurnalistlərə açıqlama verib.
Kabuljanovun sözlərinə görə, tərəflərin bir gün əvvəl, 15 iyul 2021-ci ildə Daşkənddə qəbul etdikləri dördtərəfli diplomatik platforma həm də regional əlaqələrin genişləndirilməsinə yönəlib.
“Tərəflər Əfqanıstandakı uzunmüddətli sülhün və sabitliyin regional əlaqə üçün həlledici olduğuna inanır və sülhün və regional əlaqələrin bir-birini gücləndirməsi barədə həmfikirdirlər”, - deyə Kabuljanov vurğulayıb.
O qeyd edib ki, tərəflər beynəlxalq ticarət marşrutun effektivliyinin sonrakı inkişafı üçün tarixi imkanları qəbul edərək, ticarəti genişləndirmək, tranzit yollar yaratmaq və işgüzar əlaqələri gücləndirmək üçün birgə əməkdaşlığa ümid edirlər.
Onlar bu əməkdaşlığın şərtlərini qarşılıqlı konsensusla müəyyənləşdirmək üçün yaxın aylarda görüşmək barədə razılığa gəliblər.