Azərbaycan atleti Aleksis Kopello Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.
Bu barədə Azərbaycan Atletika Federasiyasının (AAF) baş katibi Məhərrəm Sultanzadə məlumat verib.
Onun sözlərinə görə, kubalı legioner zədəli olduğu üçün nüfuzlu yarışı buraxmağı qərara alıb: "Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası Kopellonun lisenziyasını artıq təsdiqləmişdi. Lakin atlet gümüş medal qazandığı Avropa çempionatından sonra - mayda olimpiadaya hazırlıq prosesi zamanı axillindən zədə almışdı. Həkimlər onun sağalacağını demişdilər. Amma mümkün olmadı. Düzdür, qaçır, amma tulana bilmir. Bilirsiniz ki, onun yaşı da az deyil, 35 yaşındadır. Cavan olsaydı, bəlkə də əzələləri daha tez sağalardı. İstəsəydi, olimpiadaya gedə bilərdi. Amma orada çıxış edə bilməyəcəkdi. Sonra hamı deyəcəkdi ki, bu, turist kimi gedib və digər idmançının hüququnu əlindən alıb. Dünya atletikasında etika məsələsinə ciddi fikir verirlər. Bizə əvvəlcədən məktub yazmışdılar ki, idmançınızın orada çıxış edəcəyinə əmin deyilsinizsə, yarışdan imtina edin, digər atleti dəvət edək".
Sultanzadə bildirib ki, Tokio-2020-də 3 təkanla tullanmada 32 nəfər çıxış edəcək: "Bu il olimpiadaya getmək üçün iki yolumuz var idi: biri normativ, digəri isə dünya reytinqi. 25 nəfər normativi yerinə yetirmişdi. 7 nəfər isə dünya reytinqinə əsasən lisenziya qazanmışdı. Kopello xal hesabında həmin 7 nəfərin arasında birinci idi".
Baş katib atletin Tokio-2020-dən kənarda qalmasına görə həkimlərdən təzminat istəmək fikirlərinin olmadığını söyləyib: "Onlar bəlkə də Aleksisin ruhdan düşməməsi üçün belə deyiblər. Fikirləşiblər ki, qoy, idmanı davam etdirmək üçün ümidi olsun. İndi özü də deyir ki, zədəmi tam sağaldıb, yenidən yarışlara qatılacağam".
Sultanzadə Kopellonun Azərbaycan üçün yarışmağa davam edəcəyini vurğulayıb: "Yaşını nəzərə alsaq, bu, onun sonuncu olimpiadası ola bilər. Amma Azərbaycan millisində çıxışını davam etdirir. Gələn il İslam Həmrəyliyi Oyunları, Avropa və dünya çempionatı var. Bərpa olunsa, davam edəcək. Kopello ispaniyalı xanımla evlənib və hazırda bu ölkədə yaşayır. Şəxsi məşqçisi də oradadır. Onun rəhbərliyi altında məşq edir".
Azərbaycanı Tokio olimpiadasında iki atlet - 3 təkanla tullanmada Nazim Babayev və çəkicatmada Anna Skidan təmsil edəcək. AAF rəsmisi hər iki idmançının yarışa hazırlaşdıqlarını bildirib: "Skidan hazırda Türkiyədə təlim-məşq toplanışındadır. Nazim Babayev isə Bakıya qayıdıb. Onun da zədəsi var idi, amma müalicə alır və artıq vəziyyəti yaxşıdır".
Qeyd edək ki, olimpiada 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.