Vyetnam alimləri koronavirusun Britaniya və Hindistan ştammlarının hibridindən əmələ gələn yeni variantını müəyyən ediblər.
Bu barədə respublikanın Səhiyyə naziri Nquen Than COVID-19 xəstəliyinin yayılmasına nəzarət və onun profilaktikası məsələlərinə həsr olunan ümummilli iclasda çıxış edərkən deyib.
Nazirin sözlərinə görə, hələ ad qoyulmayan yeni ştamm daha yoluxucudur və hava yolu ilə asan ötürülür.
Nquen Than Vyetnamda aprelin 27-də başlayan dördüncü koronavirus dalğası zamanı xəstəliyin əsas ocaqlarına çevrilən ölkənin şimal rayonlarında - Bakzyang və Baknin əyalətlərində qeydə alınan kütləvi yoluxmalara məhz koronavirusun yeni ştammının səbəb olduğunu qeyd edib.
İndiyədək ölkədə "Britaniya”, "Braziliya”, "Hindistan” və "Cənubi Afrika” variantları da daxil olmaqla koronavirusun 7 ştammı aşkarlanıb.
Qeyd edək ki, Vyetnamda pandemiya dövrü ərzində qeydə alınmış 6 min 713 yoluxmanın yarıdan çoxu - 3 min 643-ü son ayda baş verib.
Həmçinin bu müddət ərzində xəstəlik səbəbindən 47 nəfər həlak olub. Hazırda ölkənin tibb müəssisələrində 3 min 770 koronavirus xəstəsi müalicə alır.