Stokholmun ən məşhur görməli yerlərindən biri musiqiçi Avicinin şərəfinə adlandırılıb.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyada ən iri şarşəkilli tikili və Stokholmun ən məşhur görməli yerlərindən biri olan "Ericsson Globe" arenasının adı dəyişdirilərək Avici təxəllüsü ilə tanınan musiqiçi Tim Berqlinqin şərəfinə "Avicii Arena" adlandırılıb.
Tanınmış isveçli dicey və musiqi prodüseri Tim Berqlinq depressiya ilə bağlı uzunsürən problemlərdən sonra həyatına intiharla son qoyub. Buna görə də gənclərin psixi sağlamlığı məsələləri üzrə foruma ev sahibliyi edəcək arena Avicinin şərəfinə mayın 19-dan onun adını daşıyacaq. Tədbirdən məqsəd məktəbliləri, həmçinin psixoloji sağlamlıq məsələləri üzrə məsul şəxsləri və ekspertləri gənclərlə məşğələ və söhbət üçün dəvət etməkdir. "Avicii Arena" eləcə də digər oxşar tədbirlərin keçirilməsi üçün platforma rolunu oynayacaq. Bundan başqa, dekabrın 5-də Tim Berqlinq Fondunun yaradılmasının ildönümünə həsr olunacaq illik qala-konsert təşkil ediləcək.