Hakerlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşlarının elektron poçtlarının parollarını qırmağa cəhd göstəriblər.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, kiberhücumların məqsədinin tam bəlli olmadığı və bu cür halların İran hakerlərinə məxsus olduğu bildirilib.
Sonuncu cəhd martın 2-dən davam edib və ÜST əməkdaşlarının elektron ünvanlarının parollarını qırmağa yönləndirilib. Hakerlər “fişinq” fəndi ilə elektron poçtlara zərərli məktublar göndərərək onları qırmağa çalışıblar.
“Biz İran hökumətinin dəstəklədiyi həmin cinayətkarların “fişinq” vasitəsilə bəzi hücumlarını müşahidə etmişik”, - iri internet-trafik şirkətinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.
ÜST-nin rəsmi nümayəndəsi Tarik Yasareviç kiberhücumların olduğunu təsdiqləsə də, hakerlərin kim tərəfindən dəstəkləndiyini bilmədiyini vurğulayıb: “Bildiyimizə görə, bu cəhdlərin heç biri uğurlu alınmayıb”.
İran tərəfi isə bütün iddiaları rədd edir. “Bu, İrana təzyiq etmək üçün ortaya atılmış bir yalandır. İran burada sadəcə qurbandır”, - İran İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi bildirib.