İranda Zəncan-Qəzvin şossesində sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər həlak olub, 26 nəfər yaralanıb.
Bu barədə IRNA agentliyi Zəncan vilayətinin polis idarəsinə istinadla məlumat verib.
Polkovnik Məhəmməd Əli Əzimi agentliyə bildirib ki, qəza yerli vaxtla saat 04:37 radələrində baş verib: “İlkin ehtimallara görə, qəzaya səbəb sürücünün yorğunluğu və mürgüləməsi olub. Zərərçəkənlər Xürrəmdərə və Abhər xəstəxanalarına yerləşdiriliblər”.
Əzimi onu da vurğulayıb ki, avtobus Ərdəbildən Tehrana gedirmiş.
Xatırladaq ki, bir neçə gün əvvəl İranda Təbriz-Sufiyan magistral yolunda avtobus qəzaya uğramışdı. Hadisə nəticəsində bir nəfər ölmüş, doqquz nəfər isə yaralanmışdı.