Suriyanın İdlib bölgəsində rejim qüvvələri tərəfindən aparılan artilleriya atışları nəticəsində Türkiyə ordusunun dörd əsgəri şəhid olub, birinin vəziyyəti ağır olmaqla, doqquz əsgəri isə yaralanıb.
“Hürriyyet” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“İdlibə atışmaların qarşısının alınması məqsədilə bölgəyə əlavə qüvvə kimi göndərilən bölmələrimizə olduqları yer əvvəldən koordinasiya edilməsinə baxmayaraq, rejim qüvvələri tərəfindən kəskin artilleriya atışları nəticəsində dörd qəhrəman silah yoldaşımız şəhid olub, biri ağır olmaqla, doqquz silah yoldaşımız isə yaralanıb.
Bölgədə müəyyən edilən hədəflər dərhal atəş dəstəyi vasitələrimizlə atəşə tutulub, zəruri qarşılıq verilib, hədəflər məhv edilib. Hadisələrin gedişi diqqətlə izlənilir və zəruri tədbirlər görülür”, - deyə Türkiyə MN-dən bildirilib.