"Mediada koronovirusla bağlı həddən artıq çox xəbərlər yayılıb. Vəziyyətin ağır olduğu qeyd olunur. Xəbərlərin bəziləri doğrudur. Amma bəzi məlumatlar bir qədər şişirdilir”.
Bu sözləri Çində təhsil alan azərbaycanlı tələbə Yalçın Bayramov News24.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə qrip sürətlər yayılır və onun tezliklə qarşısını almaq çox çətindir: “Birincisi Çində əhali həddən artıq çoxdur, ikinci isə virusun başlanqıcı olduğundan, o, asanlıqla yayılır. Buna rəğmən, burda həyat normal şəkildə davam edir. Düzdür, insanlarda qorxu var, amma yenə də hər kəs öz həyatını yaşayır”.
Gənc tələbə bildirib ki, koronovirusla bağlı onlar təlimatlandırılıblar: “Bu virusa yoluxmamaq üçün özümüzü qorumalıyıq və daim həkim nəzarətində olmalıyıq. Çalışmalıyıq ki, insanlarla az-az təmasda olaq, vacib iş olmadığı təqdirdə evdən çölə çıxmayaq. Burdakı məlumata görə, artıq 95 nəfərə yaxın insan müalicə olunub və xəstəxanadan evə buraxılıb. Mətbuatdakı məlumatların təsirinə qapılıb panikaya düşməməliyik”.
Y.Bayramov onu da qeyd edib ki, Çində təhsil alan tələbələr ölkəyə qayıtmağı düşünürlər: “Tələbələrin bəziləri artıq Azərbaycana dönüb. Qalanlar da dönməyi planlaşdırırlar. Tanıdığım tələbələr arasında koronovirusa tutulan yoxdur. Şükür, hamısının sağlıq durumu yaxşıdır”.