Rusiyanın İrkutsk vilayətində altı nəfər Çin vətəndaşının koronavirusa yoluxması ehtimal edilir.
Vesti.ru-nun xəbərinə görə, Baykal Dövlət Universitetində təhsil alan 5 nəfər Çin vətəndaşı bir neçə gündür dərslərə gəlmədiyi üçün rektor onlarla əlaqə saxlayıb və tələbələr xəstə olduqlarını bildiriblər.
Məlum olub ki, tələbələr tətildə ailələrinin yanına, Çinə gediblər, Rusiyaya qayıdan kimi vəziyyətləri ağırlaşıb. Onların ölkələrində olduğu müddət koronavirus infeksiyası üçün mümkün olan inkubasiya dövrünə uyğundur. Həmin tələbələr həkim nəzarətinə götürülüb və analizlər alınaraq yoxlanılması üçün Moskvaya göndərilib. Universitetin yataqxanası karantin elan edilirək bağlanıb.
Eyni zamanda, Pekin-Moskva qatarı ilə Rusiyaya gələn bir Çin vətəndaşının da koronavirusa yoluxması şübhəsi yaranıb. O, qatardan çıxarılaraq İrkutsk vilayətində xəstəxanaya yerləşdirilib.
Qeyd olunan altı nəfərin koronavirusa yoluxub-yoluxmadığı analizlərin nəticələrindən sonra dəqiq bəlli olacaq.