Yunanıstan polisi keçirdiyi iri miqyaslı əməliyyat nəticəsində uşaqların qanunsuz yolla övladlığa götürülməsi, surroqat anaların cəlb edilməsi, toxum hüceyrələrinin ticarəti ilə məşğul olan dəstə üzvlərini zərərsizləşdirib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Saloniki şəhərinin Təhlükəsizlik İdarəsinin rəhbəri, polis general-mayoru Antonios Tzitzis bildirib.
Salonikin müxtəlif rayonlarında keçirilmiş əməliyyatda təxminən 80 yerli polis və Avropol əməkdaşı iştirak edib.
Polis generalının bildirdiyinə görə, əməliyyatda 12 nəfər həbs edilib, 66 nəfər barəsində cinayət işi qaldırılıb. 22 uşaqın satın alınması faktı, həmçinin 24 qadından qanunsuz olaraq donor kimi istifadə olunması faktı aşkarlanıb.
Bu, polis tərəfindən aşkarlanmış uşaqların qanunsuz övladlığa verilməsi və toxum hüceyrələrinin ticarəti ilə məşğul olan ən böyük mütəşəkkil qruplaşmadır.