Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi Elbrus Salamov bildirib ki, təqsirləndirilən şəxsi əvvəlcədən tanımayıb:
“Rəhmətə gedən mənim qardaşım oğludur. Qardaşım 2-ci qrup əlildi, həyat yoldaşı isə Maştağada psixi xəstəxanadadır. Mən hadisə barədə sonradan məlumatım olub. Heç kim qanı bağışlamır, mən də bağışlamıram. Qanun çərçivəsində cəzası nədirsə, verilsin. Barışıq yoxdur, qandan keçmirik”.
Proses martın 6-da davam etdiriləcək.
İttihama görə, B. Əhmədov dostu Fikrəti öldürüb. Mərhum Bəxtiyara “polisə arxada oturan qızın arvadın olduğunu deyərsən” sözündən sonra mübahisə ediblər. Bəxtiyar buna etiraz edəndə Fikrət "guya sənin arvadın ondan artıqdır?” - deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub. Nəticədə də cinayət hadisəsi baş verib.
Qeyd edək ki, Bəxtiyar Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.