Azərbaycan ərazisində toz-duman müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mütəxəssislərin apardığı monitorinqlərin nəticələrinə əsasən, sentyabrın 5-də ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub.
Buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.
Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.