Ekspertə görə, yeni mövsüm başlayana qədər qiymət artımı davam edəcək
Bayram qurtarsa da, ərzaq və kənd təsərrüfatı məhsullarında ucuzlaşma müşahidə edilmir. Mağaza və bazarlara üz tutanlar yenə bahalıqdan gileylidirlər. Artıq mağazalarda və bazarlarda çiyələk, alça, qarpız kimi mövsümə uyğun olmayan meyvələrə də rast gəlinir. Ancaq qiymətinə baxdıqda heç də hər kəsin cibinə uyğun olmadığını müşahidə etdik.
Məsələn, çiyələyin 250 qramlıq bağlaması 6 manata satılır. Alçanın qiyməti isə müxtəlifdir. Elə alça var ki, dənə ilə 50 qəpiyə, elə alça da var ki, qablaşdırılmada satılır. Gavalının kiçik qablaşdırmada olan qiyməti isə 10-15 manat arasında dəyişirdi. Bir sıra mağazalarda isə bu cür meyvələr göz önünə qoyulmayıb. Sadəcə olaraq elanı yazılıb ki, satışda bu meyvə var. Satıcılar bu cür mövsümə uyğun olmayan meyvə-tərəvəzi daha çox xəstə və hamilə qadınların aldığını dedilər.
Satıcılar israrla bu cür meyvələrin xaricdən gətirilmədiyini və Bakıda istixanalarda yetişdirildiyini, tam təhlükəsiz olduğunu deyirlər. Digər ərzaq məhsullarına nəzər saldıqda da qiymətlərdə heç bir endirim müşahidə edilmir. Hətta elə məhsullar var ki, onların qiyməti bahalaşıb. Məsələn, ən ucuz məhsul hesab edilən göyərtinin 1 dəstəsi 20 qəpik, cəfəri 30 qəpik, Türkiyə limonu 40 qəpik, yerli limonun bir ədədi 80 qəpik, alma 1-3 manat arası, portağal 1 manat 50 qəpik, mandarin 3-4 manat arası, pomidor 5-7 manat, xiyar 4-5 manat, kartof 90 qəpik, 1 manat 50 qəpik arası, soğan 70-90 qəpik arasında dəyişir. Yağların, çayların qiymətində də heç bir dəyişiklik yoxdur. Maraqlısı isə odur ki, bazarlarda alıcılarla yanaşı, satıcılar da narazıdır.
“Yaşıl bazar”da çiyələk satan Emin Məmmədov alıcılıq qabiliyyətinin çox aşağı olduğunu dedi: “Çiyələk və digər meyvələr çürüyüb gedir. Alıcı yoxdur. Almalar da artıq büzüşür. Alıcı görəndə sevinirik. Nəsə almaq istəyənə məcbur olub öz qiymətinə, bəzən ondan da ucuz verirəm ki, malım əlimdə qalmasın. Çox güman ki, bu cür qiymətlər yaya qədər davam edəcək. Qarpız da satırıq, ancaq almağa qorxurlar. Amma bunlar tam təhlükəsizdir və istixanalarda yetişdirilib. Mən özüm də evdə uşaqlarımla birgə yemişəm”.
Alıcı Zülfiyyə Quliyeva isə deyir ki, yayda bütün ərzaqlar sudan ucuz olacaq: “Qiymətlər çox bahadır. Bayramda başa düşdük ki, baha olsa da, hər kəs nələrsə alıb bayramı yola verəcək. Bundan istifadə edən satıcılar da qiyməti artırdılar. Bəs niyə indi düşmür? Biz demirik ki, qəpik-quruşa sat. Ən azından bayramdan öncəki qiymət nə idisə, onu qoysunlar. Yayda hər şey bol və ucuz olacaq. Bir az da gözləyək. Boşuna deməyiblər kasıbınkı yaydır”.
Maraqlıdır, ərzaq və kənd təsərrüfatı məhsullarında hər kəsin cibinə uyğun olan qiymətləri nə vaxt müşahidə edə biləcəyik?
İqtisadçı ekspert Natiq Cəfərli ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində iyunun əvvəllərində endirim müşahidə ediləcəyini bildirdi: “Azərbaycanda ərzaq məhsullarının bahalaşması yalnız Novruz bayramı ilə əlaqədar olmadı. İstənilən bayram öncəsi qiymətlərdə kəskin artım olur. Bu artım da uzun zaman, yəni bayramdan sonra da, yeni mövsüm başlayana qədər davam edir. Çox güman ki, bu dəfə də belə olacaq. Yeni mövsüm başlayana qədər, yeni kənd təsərrüfatı məhsulları çıxana qədər qiymət artımı davam edəcək. Bu da may ayının sonu, iyunun əvvəllərinə təsadüf edir. Yəni bolluq o dövrlərə təsadüf edir. Çox güman ki, aprelin əvvəllərində ilk nübarlar çıxacaq və bunların da qiyməti fantastik dərəcədə baha olacaq. Hər il belə olub. İlk nübar meyvələrin qiyməti iki rəqəmli olacaq. Biz bunu hər il olduğu kimi bu il də bazarlarda görəcəyik. Amma bu, yayın əvvəlinə qədər davam edəcək. Mayın sonundan, iyunun əvvəlindən başlayaraq kənd təsərrüfatı məhsullarının qiymətində aşağı düşmələri görəcəyik. Bu, sentyabr, oktyabr aylarına qədər davam edəcək. Oktyabrdan sonra yenidən qiymət artımının növbəti fazasına daxil olacağıq”.
Cəfərli bunun hər il təkrarlanan və həllin tapmayan problem olduğunu dedi: “Bu problemin həllini tapması üçün bölgələrdə soyuducuların olması lazımdır. Payızın sonuna yaxın çürüyən meyvə-tərəvəzlər olur. Bu dəfələrlə mediada da işıqlandırılıb. Bunların toplanıb soyuducularda qış mövsümünə saxanılması və qış mövsümündə də bazarlara çıxarılması problemi uzun illərdir ki, həllini tapmır. Bir neçə soyuducular tikilib. Amma bu problemi həll etmir. Onlarla, yüzlərlə belə soyuducuların olması lazımdır ki, payızın sonunda meyvə-tərəvəzlərin normal temperaturda, normal şərtlərdə saxlanılmasına imkan yaransın və təqribən qış aylarında yeni mövsüm məhsulları çıxana qədər bazara çıxıb həm bolluq yaransın, həm də qiymət tənzimlənsin. Bu illərdir baş vermir. Bu il də bunun baş verəcəyini düşünmürük. İyun ayından qiymətlərdə mövsümi xarakterli endirimlər olsa da, noyabrdan başlayaraq növbəti mövsümə qədər qiymətlərdə yenidən bahalaşmanı müşahidə edəcəyik”. //musavat.com