“Qohumların evlərində qalıb əziyyət çəkirik”.
İki il öncə Xəzər rayonu, Sübhi küçəsi 2-də yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verib. Nəticədə 77 və 79-cü məzillərə ciddi ziyan dəyib, həmçinin eyvanlarda olan əşyalar tamamilə yanıb.
Bu barədə minval.info-ya zərərçəkmiş Oleq İsmayılov məlumat verib. O bildirib ki, mənzildə böyük narahatlıq, şəraitsizlik yarandığı üçün hər iki qonşu evdən ayrı düşüb: “Qohumların evlərində qalıb əziyyət çəkirik. Maddi imkanımız olmadığına görə, mənzilləri təmir edə bilmirik. Hava durumu kəskinləşən zaman, yağış yağarkən divarlar nəm və su çəkir. Bu da bizim səhhətimizə mənfi təsir göstərir. Həmçinin buna görə bizə maddi ziyan ödənilməyib”
Şikayətçi qeyd edib ki, üzlüklər deformasiyaya uğrayıb və bu səbəbdən güclü külək əsərkən plitələr, o cümlədən navalçanın parçaları binadan qoparaq hündürlükdən yerə və istirahət parkına düşür. Bu isə ətrafdan keçən insanların həyatı üçün ciddi təhlükə yaradır. İsmayılov eyni halın qonşu binada da baş verdiyini bildirib.
Zərərçəkənlər müvafiq dövlət qurumlarına müraciət etsələr də, problemləri həll olunmur.