Mojo.az Banner
13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |    
Mojo.az Avto
Mojo.az Avto

XİN faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yaydı

09.05.2020 14:34 3 132
XİN faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yaydı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb.

Bəyanatda deyilir:

“9 may 2020-ci il tarixində 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 ili tamam olur. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən, böyük əziyyətlərə sinə gərərək adlarını tarixin ən şanlı səhifəsinə daxil edən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.

Ümumi zəfər olan bu qələbənin əldə edilməsinə Azərbaycan xalqının önəmli töhfəsi olub.

Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızı iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib.

Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.

Böyük qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib.

Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib.

Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Azərbaycan Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və bu hərəkatla əməkdaşlıq edənlərin hər hansı bir formada, o cümlədən heykəllərin ucaldılması yolu ilə qəhrəmanlaşdırılması hallarından ciddi narahatıq. Təəssüflə qeyd edirik ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir.

Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərinin beşdə birini işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan, Xocalı qətliamı kimi insanlıq əleyhinə cinayətləri törədən Ermənistanda belə meyillərin müşahidə edilməsi bu ölkənin və onun rəhbərliyinin təcavüzkar xislətini aydın şəkildə nümayiş etdirir. Lakin nasizmin şərəfsiz təcrübəsinin göstərdiyi kimi, bu meyillərin sonu özünü məhv etməkdən başqa bir şey deyil.

Azərbaycan BMT Baş Assambleyasının "Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə" qətnaməsini daim dəstəkləyir. Biz hesab edirik ki, belə narahatlıq doğuran meyillərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər.

Böyük Vətən müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, müharibədə misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirməyib və itirməyəcək. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət isə, əlbəttə gələcəkdə də qələbə çalacaq”.скачать dle 11.3
Mojo.az Banner