Heç kimə sirr deyil ki, son illər paytaxt Bakıda və onun ətraf ərazilərində aparılan irimiqyaslı quruculuq işləri nəticəsində şəhərimiz inanılmaz dərəcədə dəyişib. Yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə aparıldığı ərazilərdən biri də Bakının Sabunçu rayonudur. Lakin təəssüflə qeyd etmək gərəkdir ki, ətraf qəsəbələrin heç də hamısında vəziyyət yaxşı deyil. Belə qəsəbələrdən biri də Zabrat-1 və Zabrat- 2 adlanan qəsəbələrdir.
Sabunçu-Zabrat yolu ilə hərəkət etdikcə, yol kənarında muncuq kimi düzülmüş ticarət obyektləri, göz oxşayan fərdi evlər, mağazalar, ofislər insanda elə təəssürat yaradır ki, sanki bu qəsəbə Bakının ən baxımlı, diqqət mərkəzində olan qəsəbəsidir. Amma elə ki, Zabrata daxil olursan, odun-ocaq qoxusu, palçıq-çirkab dolu küçələr əslində bu qəsəbənin unudulmuş qəsəbə olduğunu xatırladır.
Kadrlardan da göründüyü kimi, şəhərin mərkəzindən o qədər də uzaq olmayan qəsəbə könüllərdən iraqdır ki, iraqdır: "Zabratın yol və kanalizasiya problemləri öz həllini tapsa, inanın, digərləri də zamanla yoluna düşər. Bundan başqa, qəsəbənin Mədəniyyət Evi də dağılıb, fəaliyyət göstərmir. Musiqi məktəbi də acınacaqlı durumdadır. Bir əlac edən yoxdur ki, qəsəbənin uşaqları normal musiqi təhsili ala bilsin. Amma orta məktəblərin durumu yaxşıdır".
Təsəvvür edin ki, azacıq yağış yağan kimi qəsəbədə ayaq basmağa quru yer olmur. Kanalizasiya sistemi olmadığı üçün küçələrə açılan kanalizasiya boruları, kələ-kötür yolları Zabratın diqqətdən kənar qaldığını bir daha sübut edir: "Yol qırağında yaşayırıq. Evlərin içərisini görsəniz, dəhşətə gələrsiniz. Elə bil heç Bakı deyil. Müraciət etmədiyimiz ünvan qalmayıb. Siyahıya alırlar, deyirlər sökəcəyik, amma hələ də xəbər yoxdur. Uşaqlar evdən birbaşa magistral yola çıxır, qəzasız ötən həftəmiz olmur. Nə sökülür, nə də əlac olunur".
Qəsəbənin qeydiyyatda olan əhalisinin sayı 29 084 nəfər olsa da, faktiki yaşayanların sayı 34 099 nəfər təşkil edir. Qəsəbədə Qarabağ müharibəsi şəhidlərinin sayı 48 nəfər, Qarabağ müharibəsi əlillərinin sayı 34 nəfər, qeydiyyatlı fərdi yaşayış evlərinin sayı 8795, qeydiyyatsız evlərin ümumi sayı 3134 ədəddir.
Qəsəbədə beş ümumtəhsil orta məktəbi, bir peşə liseyi, dörd körpələr evi-uşaq bağçası, bir poliklinika, Müalicə Diaqnostika Mərkəzi, kardiorevmatoloji sanatoriya fəaliyyət göstərir.
Yolumuzu qəsəbənin Ruhulla Axundov küçəsi-14 ünvanındakı 15 saylı Bakı Peşə Liseyindən saldıq. Səliqə-sahmanı ilə diqqətimizi çəkən liseydə davamiyyət yaxşı olsa da, şagirdlər dərsdə palto-papaqla oturmuşdular. Müəllimə Mərcan Əliyeva deyir ki, payız-qış mövsümündə liseydə vəziyyət belə olur: "İstilik sistemi, demək olar, yoxdur. Məktəb öz gücünə nə edirsə, edir. Buna baxmayaraq, uşaqlar dərsə həvəslə gedib gəlir".
Qəsəbədə Əvəz Paşayev adına Mədəniyyət Evi, 28 May və "Zərbəçi" adına kütləvi kitabxanalar, 21 saylı musiqi məktəbi də var. Amma bu mədəniyyət obyektlərinin yalnız adı və maketi var. Hazırkı vəziyyətləri isə acınacaqlıdır.
Bu azmış kimi, sözügedən qəsəbədə uşaqların və gənclərin vaxtlarını səmərəli keçirməsi üçün idman meydançası da yoxdur. Əslində meydança var, amma qapısı bağlıdır. Biz də məcburən çəkilişimizi hasarın üstündən apardıq. Çünki meydançanın da qapısı qıfıllı idi: "Altıncı sinifdə oxuyuram. Nə oynamağa yer tapırıq, nə də gəzməyə. Heç məktəbimizin də meydançası yoxdur. Yay boyu ancaq küçədə oluruq. İdmanla məşğul olmağa yer yoxdur".
Paytaxtın müxtəlif qəsəbə və kəndlərində bir-birindən gözəl, göz oxşayan parklar, istirahət məkanları olsa da, Zabratda o da gözümüzə dəymədi: "Zabratda nə park var, nə də meydança, qızım. Uşaqlar üçün əylənməyə heç nə yoxdur burda. Mədəniyyət Evi ilə heç maraqlanan yoxdur da. Klub olub restoran. Sovetdən qalmışdı, amma indi yoxdur".
Zabratdakı 32 saylı Uşaq Musiqi Məktəbi də acınacaqlı vəziyyətdədir. 200 yerlik bu məktəbin hər an uçma təhlükəsi var. Divarlarda və tavanlarda dərin çatlar yaranıb. Pilləkən isə dayağı üzərində zorla dayanıb. Məktəbin direktoru Mübariz Quliyev deyir ki, musiqi ocağının vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi məlumatlıdır.
Sabunçu rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi üzrə icra nümayəndəsi İlqar Süleymanovla görüşüb, sadaladığımız problemlərin nə vaxt həllini tapacağı ilə maraqlandıq.
İlqar Süleymanov qeyd etdi ki, Zabrat sakinlərinin problemləri müvəqqətidir. Qəsəbədə kanalizasiya və su xətlərinin çəkilişi yaxın vaxtlarda başa çatacaq, yollar asfaltlanacaq. Təkcə 2017-ci ildə 6 min kvadratmetr asfalt döşənib.
Mədəniyyət obyektlərinin təmiri məsələsinə gəlincə, icra nümayəndəsi bildirdi ki, sakinlərin şikayəti əsasında artıq bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət olub. Əhalinin istirahəti üçün park və bağlarının salınması üçün isə qəsəbədə ərazi məhdudiyyəti var.
Zabrat haqqında bu bizim sayca üçüncü reportajımızdır. Amma nə fayda? Ciddi dəyişiklik yoxdur ki, yoxdur. Buna baxmayaraq, qışın oğlan çağında Zabrat qəsəbəsini yenidən aidiyyəti qurumların yadına salmağı özümüzə borc bildik.
Ümid edirik ki, sakinlərin haqlı narazılığına səbəb olan mövcud problemlər tezliklə öz həllini tapacaq.//apa.tv